Çərşənbə, 30 Avqust 2017 11:26

Zilhiccənin Tərviyə günü və bu günün əməlləri

Zilhiccənin Tərviyə günü və bu günün əməlləri

Tərviyə günü - Zilhiccə ayının 8-ci günüdür. “Tərviyə” sözünün mənası “görmək” deməkdir. Ancaq bu, hər görmək deyildir, düşüncə üzərindən görməkdir. Yəni qəlb şühudu ilə.

Hər birimiz ürfana tərəf can atır və Allahla arifcəsinə söhbət etmək istəyirik. Belə bir məzmunda hədis var: “Hər kim ki, özünü tanıyar, Allahını tanıyar”. İnsan özünü tanımaq üçün iki yolu qət etməlidir: fikir və düşüncə vadisini, əməl və əməli tanımaq vadisini.

İnsan bir qədər təfəkkür etməklə dərk edə bilər ki, onun varlığının həqiqəti bədəni ilə bitmir. İnsan dedikdə, “mən” nəzərdə tutulur. Yəni insan özünü dərk edəndən bəri özünə “mən” deyir. Baxmayaraq ki, uşaqlıq, yeniyetmə, cavanlıq və qocalıq dövrünü arxada qoyur və bədənində çoxlu dəyişiliklər baş verir, ancaq bu “mən” dəyişməz qalır.

Deməli, bədən bir şeydir, “mən” başqa bir şey. Ona görə də özünü tanımağın yollarından biri təfəkkür etmək və düşünməkdir. Nəfsi islah etmək, diqqətlə ibadət etmək, davamlı zikr etmək, əməl və rəftarına nəzarət etmək, yeməkdən və yatmaqdan mümkün qədər azaltmaq, heyvani hisslərini azaldıb, mənəvi hisslərə çox yer vermək - özünü tanımağın əməli yollarıdır. Bu iş dəqiqlik və müəyyən zaman istəyir. Davamlı ibadət və bəndəlik nəticəsində hasil olur. Bu yolun ilk addımı – günah işlətməməkdir. Əgər işlətmişiksə, tez bir zamanda tövbə etməliyik.

Bu günü həm də ona görə tərviyə adlandırırlar ki, Minada və Ərəfatda su yoxdur. Mina və Ərəfata gəlmək istəyən hacılar gərək Məkkədən özləri üçün su götürsünlər. Bu halı tərviyə adlandırırlar. Bu gün – Zilhiccənin mühüm günlərindəndir. İmam Cəfər Sadiqdən (ə) gələn hədisə əsasən, bu gün oruc tutmağın savabı 60 ilin kəffarəsidir. Bu günü hacılar böyük həcc mərasiminə başlayarlar. Bu gün həm də Hüseyn ibni Əlinin (ə) karvanının Kufəyə yola düşdüyü gündür.

Hədislərə görə, Tərviyə günü tutulan oruc 60 ilin kəffarəsidir.

Şərh yaz


Məxfi kod
Yenilə