Şənbə, 15 Sentyabr 2018 13:38

Uşaqları virusdan necə qoruyaq?

Uşaqları virusdan necə qoruyaq?

Balacalara dərman verilməsi vərdiş halına gətirilməməlidir
 

Payız və qış aylarında qrip və soyuqdəymədən qorunmaq çətinləşir. Xüsusilə də, uşaqların immun sistemi zəif olduğundan, onlar daha tez-tez yoluxucu xəstəliklərə tutulur, soyuqdəymədən əziyyət çəkirlər. Həkimlərin məsləhətinə görə, uşaqlara dərman verməkdənsə, mütəmadi onların immun sisteminin möhkəmləndirilməsi üçün tədbirlər görülməlidir.

Pediatr Mahirə Quliyevanın “Ekspress”ə bildirdiyinə görə, yalnız xəstələndikdə və ya virusların yayıldığı zamanlarda deyil, uşağın sağlam həyat tərzi sürməsinə daim fikir vermək, onu sağlam qida ilə bəsləmək lazımdır: “Çox vaxt yoluxucu xəstəliklər mövsümündə, soyuq havalarda valideynlər asana əl atır və uşaqlara dərman vasitələri, antibiotiklər, vitamin kompleksləri, immunostimulyatorlar verərək immun sisteminin müqavimətini artırmağa çalışırlar. Həkim təyin etdikdə bu vasitələrdən istifadə etmək olar. Amma bu, vərdiş halına gətirilməməli və hər yüngül soyuqdəymədən belə qorunmaq üçün antibiotiklərdən istifadə olunmamalıdır”,-deyən pediatr bildirir ki, bunun əvəzinə uşaq düzgün bəslənilməli, təbii meyvə və tərəvəz şirələri, təmiz havada gəzinti, müsbət emosiyalarla dolu həyat, sevgi və qayğını hər an nümayiş etməyə hazır olmaq onun sağlamlığının qorunması üçün başlıca amillər olmalıdır.

M.Quliyeva qeyd edib ki, uşağın immun sisteminin möhkəmləndirilməsində düzgün qidalanma əsas rol oynayır. Dediyinə görə, gündəlik qida rasionundan zərərli çipslər, mənşəyi məlum olmayan qidalar çıxarılmalıdır. Meyvə, tərəvəzlərdən də yerlilələrə, GMO məhsulu olmayanlara üstünlük verilməlidir.

Quliyeva əlavə edib ki, tərəvəzlər arasında bakteriya və viruslarla mübarizə aparanlar da var: “Bunlardan çoxumuzun bildiyi, hətta dədə-babadan istifadə etdiyimiz sarımsaq məşhurdur. Soyuqdəymə zamanı istifadə olunması məsləhət olunsa da, uşaqlar onu çiy halda yeyə bilmir. Lakin isti şorbalara bir qədər sarımsaq sıxılıb əlavə olunsa, acılığı bilinməz, tam gələr. Sarımsağı yeməklərin bişirilməsi zamanı da əlavə etmək olar. Bu tərəvəzin tərkibində təbii antibiotik var. Virus və bakteriayaları məhv etməklə yanaşı, immun sisteminin də möhkəmlənməsinə xidmət edir”.

Müsahibimiz yeməklərə soğan əlavə etməyi də məsləhət görür: “Vitamin C ilə zəngin olan bu tərəvəzin xeyri çoxdur. Yaxşı olar ki, virusların yayıldığı vaxtlarda, soğan doğranılaraq otağa qoyulsun. Onun iyi boğaz və burnun selikli qişasını mikroblardan qoruyur”.

Hər gün uşağa meyvə verməyin də mühüm olduğunu deyən Quliyeva bildirib ki, qış mövsümündən xüsusilə də, sitrus meyvələrin xeyri böyükdür: “Portağal və naringi uşaqların orqanizmini tələb olunan C vitamini ilə təmin edəcək. Bir qədər limon suyu da sıxılaraq su ilə verilə bilər. Onların tərkibindəki C vitamini soyuqdəymə ilə mübarizə aparır. Uşağın bu meyvələrə allergiyası yoxdursa, rahat vermək olar”.

Həkimin sözlərinə görə, uşağın qida rasionunda ət, balıq, süd məhsulları, meyvə-tərəvəz, yumurta, göyərti, qozun olması sağlamlığını artırar: “Qida zülallar, yağlar, karbohidratlar, vitamin və mikroelementlərlə zəngin olmalıdır. Zülalların tərkibində olan amin turşuları immun sisteminin yuksəlməsinə müsbət təsir edir. Orqanizmin sağlamlığı üçün yalnız heyvanlarda olan zülallar deyil, bitki tərkibli, məsələn, noxud, lobya, paxlalı bitkilər də mühümdür. İmmun sistemi zəif olan uşaqlara ən azı həftədə bir dəfə olmaqla paxlalı bitkilərdən hazırlanmış qidalar vermək lazımdır”.

İmmun sisteminin normal şəkildə fəaliyyət göstərməsi üçün daha vacib hesab edilən vitaminlər A, C, E, B və D qrupu vitaminləridir.
Vitamin A-nın mənbəyi hesab edilən qida maddələri: kök, kahı yarpağı, kələm, balıq yağı, böyrək, qaraciyər, dəniz balıqlarının qaraciyəri, yumurta sarısı, kərə yağı, qaymaq və s.

Həmsöhbətimiz bildirib ki, təbii bal, doşab, xurma, qoz da bədənin soyuqdəyməyə qarşı müqavimətini artırır: “Müxtəlif otlardan, giləmeyvələrdən dəmləmələrin də uşaqlar üçün xeyri var. Lakin bütün bu vasitələrdən istifadə edərkən uşaqlarda allergiyanın yaranmamasına fikir vermək lazımdır”.

Qidalanma ilə yanaşı düzgün yuxu rejimi, istirahət, fiziki hərəkətlər, təmiz havada gəzinti, oyunlar da uşaq üçün vacibdir. Gecə yuxusu zamanı uşaq yuxudan tam doymalıdır. Uşaqların gec yatması, gecənin çox hissəsində oyaq qalması immun sistemlərinə ağır zərbə vurar.

Şərh yaz


Məxfi kod
Yenilə