Çərşənbə, 29 Mart 2017 13:13

Hacı Mövsümun səhhətində ciddi problemlər var

Hacı Mövsümun səhhətində ciddi problemlər var
Azərbaycan İslam Partiyasının sədri, hazırda 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan Mövsüm Səmədovun vəkili Yalçın İmanov onun durumunun kritik olduğunu deyir.
Müdafiəçi M.Səmədovun saxlanma şəraiti, müəssisə rəhbərliyinin ona qarşı münasibəti ilə əlaqədar Beynəlxalq Qırmızı Xaş Komitəsinə, Ombudsman Aparatına və cəzaçəkmə müəssisələrinə nəzarət edən Ədliyyə naziri yanında İctimai Komitəyə müraciət edib.
Martın 27-də cəzaçəkmə müəssisəsində M.Səmədovla görüşən vəkil ilahiyyatçının iki aylıq cəzalandırılmasının səbəbini də öyrənib. 
Y.İmanov məsələ ilə bağlı bunları deyib: «Mövsüm Səmədovun mənə danışdığına görə, onu martın 18-də üç günlük «kars»a (cərimə kamerası) salıblar. Əsas kimi isə onun dustaqların saxlandığı ümumi yataqxanada namaz qılması göstərilib. Bayram günlərini də «kars»da keçirib. Elə bayram axşamı – martın 20-də qonşu «kars» otağına yaşlı bir məhbusu gətirib şiddətlə döyüblər. Deyir, elə döyürdülər ki, səsi hər tərəfi bürümüşdü. Mövsüm Səmədova bu hadisə pis təsir edib, qapını döyüb deyib ki, heç olmasa, bayram günü adamlara bunu eləməyin. Bu hərəkəti müəssisə əməkdaşlarını qəzəbləndirib, martın 21-də onu rəisin yanına aparıblar. Ardınca da iki ay kamera tipli otağa keçirilməsi barədə qərar qəbul olunub. »
Y.İmanov deyir ki, M.Səmədova bu cəzanın verilməsi haqda qərarda səbəb kimi onun üzərində axtarış aparılmasına etiraz etməsi göstərilib. M.Səmədov 12 saylı Cəzaçəkmə Müəssisəsinə gəldiyi dörd ayda dörd dəfə «kars»a salınıb. İlahiyyatçı vəkilinə deyib ki, 6 il 3 aydır həbsdədir, bu müddətin cəmi 2 il 5 ayını açıq havada olub. Qalan vaxtlarda ya Qobustandakı qapalı həbsxana rejimində, ya cəza kameralarında saxlanıb. Vəkil onun səhhətində də ciddi problemlərin olduğunu, daim açıq havada gəzməli olduğunu vurğulayır.

Şərh yaz


Məxfi kod
Yenilə